"Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu
Məhkəmə ekspertizası fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu
Bu Qanun Azərbaycan Respublikasında məhkəmə ekspertizası fəaliyyətinin hüquqi, təşkilati əsaslarını və başlıca istiqamətlərini müəyyən edir, məhkəmə ekspertizasının təşkili və aparılması zamanı yaranan ictimai münasibətləri nizamlayır.[2]
Məhkəmə ekspertizası Azərbaycan Respublikası məhkəmələrinin səlahiyyətinə aid olan mülki, cinayət və digər işlər üzrə icraat zamanı həyata keçirilir.
Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur:
məhkəmə ekspertizası - təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır;
məhkəmə ekspertizası fəaliyyəti - məhkəmə ekspertizasının təşkil edilməsi və aparılması ilə əlaqədar fəaliyyət olub, xüsusi elmi biliklər vasitəsi ilə proses iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin təmin edilməsi məqsədini daşıyır;
məhkəmə eksperti (ekspert) - məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan, məhkəmə eksperti şəhadətnaməsi almış şəxsdir;
ekspertin rəyi - məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir;
məhkəmə ekspertizasının predmeti - məhkəmə ekspertizasının həll etdiyi məsələlər dairəsidir;
məhkəmə ekspertizası idarəsi - məhkəmə ekspertizası fəaliyyətini həyata keçirən dövlət orqanıdır.
məhkəmə ekspertizası tədqiqatının metodu - məhkəmə ekspertizasının predmeti ilə bağlı işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslərin tədqiqi zamanı tətbiq edilən üsul və vasitələr sistemidir.[3]
Məhkəmə ekspertizası fəaliyyəti haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Cinayət-Prosessual və Mülki-Prosessual məcəllələrindən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsindən, bu qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.[4]
Məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir.
Məhkəmə ekspertizası fəaliyyəti insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması, qanunçuluğun təmin edilməsi, ekspertin müstəqilliyi, elmin və texnikanın müasir nailiyyətlərindən istifadə edilməklə həyata keçirilən tədqiqatların obyektivliyi, hərtərəfliliyi və tamlığı prinsiplərinə əsaslanır.
Məhkəmə ekspertizası aparılarkən insan və vətəndaş hüquqlarına və azadlıqlarına əməl olunmalıdır.
Məhkəmə ekspertizası fəaliyyəti nəticəsində hüquqlarının və azadlıqlarının pozulduğunu hesab edən şəxs bu hərəkətdən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə ekspertizası idarəsinin rəhbərinə və ya məhkəməyə şikayət edə bilər.
Məhkəmə ekspertizası aparılarkən ekspert müstəqildir, onun məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqandan və ya şəxsdən, tərəflərdən və işin nəticəsində marağı olan digər şəxslərdən hər hansı asılılığı ola bilməz. Ekspert özünün xüsusi biliyinə və daxili inamına əsaslanaraq aparılmış tədqiqatın nəticələrinə uyğun olaraq rəy verir.[5]
Məhkəmələr (hakimlər), təhqiqat aparan şəxs, müstəntiq, prokuror, habelə digər dövlət orqanları, təşkilatlar və ya ayrı-ayrı şəxslər tərəfindən proses iştirakçılarından hər hansı birinin maraqlarına cavab verən və ya digər şəxslərin xeyrinə olaraq rəy əldə etmək məqsədi ilə ekspertə hər hansı formada təsir göstərilməsi qadağandır.
Ekspertə təsir göstərilməsində təqsirkar olan şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
Ekspert tədqiqatı müvafiq ixtisas hüdudlarında, elmi və təcrübi əsaslar üzərində obyektiv, hərtərəfli və tam həcmdə aparmalıdır.
Ekspertin rəyi elmi inkişafın müasir tələblərinə uyğun olan və hamı tərəfindən qəbul edilmiş elmi dəlillər əsasında yoxlanmasına imkan verən müddəalara əsaslanmalıdır.
Ekspert tədqiqatının obyektləri maddi sübutlar, sənədlər, müqayisəli tədqiqat üçün nümunələr, əşyalar, canlı insan və onun psixi vəziyyəti, heyvanlar, meyitlər və onların hissələri, həmçinin əsasında məhkəmə ekspertizası aparılması üçün zəruri olan iş materiallarıdır.
Canlı insanın, meyitin, heyvanın, əşyanın, cismin, materialın və ya maddənin xüsusiyyətlərini əks etdirən (əlamətlərini daşıyan) obyektlər, həmçinin ekspertin tədqiqat aparması və rəy verməsi üçün zəruri olan digər nümunələr müqayisəli tədqiqat üçün nümunələr hesab edilir.
Məhkəmə ekspertizası aparılarkən tədqiqat obyektləri ekspertizanı təyin (sifariş) etmiş orqanın və ya şəxsin müvafiq razılığı əsasında yalnız tədqiqat aparılması və rəy verilməsi üçün zəruri olan ölçüdə zədələnə və ya istifadə oluna bilər. Həmin razılıq məhkəmə ekspertizasının təyin edilməsi barədə qərarda (qərardadda) və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilədə və yaxud müvafiq məktubda göstərilməlidir.[6]
Tədqiqat obyektini məhkəmə ekspertizası idarəsinə gətirmək mümkün olmadıqda, hadisə yerində və ya tədqiqat obyektinin olduğu yerdə tədqiqat aparılması zərurəti yarandıqda, ekspertizanı təyin (sifariş) etmiş orqan və ya şəxs obyekt üzərində ekspert tərəfindən tədqiqatın aparılması üçün şərait yaratmalıdır.
Məhkəmə ekspertizası başa çatdırıldıqdan sonra tədqiqat obyekti ekspertizanı təyin (sifariş) etmiş orqana və ya şəxsə qaytarılmalıdır.
Məhkəmə ekspertizası idarəsinin rəhbəri məhkəmə ekspertizası təyin olunması haqqında qərarı (qərardadı) aldıqdan və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilə bağlandıqdan sonra onun təşkil edilməsi və aparılması, ekspertin məhkəmə iclaslarında, istintaq və məhkəmə hərəkətlərində iştirakının təmin olunması üzrə müvafiq tədbirlər görür.[7]
Məhkəmə ekspertizası idarəsi rəhbərinin aşağıdakı hüquqları vardır:
idarədə konkret ixtisas üzrə ekspert, zəruri maddi-texniki baza və yaxud tədqiqat aparılması üçün xüsusi şərait olmadıqda məhkəmə ekspertizası təyin olunması barədə qərarı (qərardadı) icra edilmədən və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə rəsmi müraciəti təmin edilmədən, tədqiqata təqdim edilmiş obyekt və işin materialları ilə birlikdə geri qaytarmaq;[8]
rəy verilməsi üçün bu idarənin əməkdaşı olmayan şəxslərin zəruri biliyinə ehtiyac yarandıqda, onların ekspert qismində iştirakı barədə məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxs qarşısında vəsatət qaldırmaq;
məhkəmə ekspertizasının təyin olunması haqqında qərarda (qərardadda) və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilədə göstərilmiş digər idarələrin iştirakı ilə məhkəmə ekspertizası aparılmasını təşkil etmək.[9]
Məhkəmə ekspertizası idarəsinin rəhbərinə aşağıdakıları etmək qadağandır:
məhkəmə ekspertizasının təyin edilməsi haqqında qərar (qərardad) və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilə olmadıqda, məhkəmə ekspertizasının aparılması üçün zəruri olan tədqiqat obyektlərini və iş üzrə materialları tələb etmək;[10]
məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanla və ya şəxslə razılaşdırmadan, müstəqil olaraq, bu idarənin əməkdaşı olmayan şəxsləri ekspert qismində məhkəmə ekspertizasının aparılmasına cəlb etmək;
ekspertə konkret məhkəmə ekspertizası üzrə tədqiqatın gedişatına təsir edən və onun nəticələrinin məzmununu müəyyən edən göstərişlər vermək.
Məhkəmə ekspertizası idarəsi rəhbərinin aşağıdakı vəzifələri vardır:
məhkəmə ekspertizasının təyin olunması barədə qərarı (qərardadı) aldıqdan və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilə bağlandıqdan sonra həmin idarənin ekspertləri sırasından zəruri biliyə malik olan və qoyulmuş suallara cavab verən bilən konkret ekspertə və ya ekspertlərə ekspertizanın aparılması haqqında tapşırıq vermək;[11]
ekspertə (ekspertlərə) onların hüquq və vəzifələrini izah etmək;
eksperti bilə-bilə yalan rəy verməyə görə məsuliyyət haqqında xəbərdar etmək və bu barədə ekspertizanın təyin edilməsi haqqında qərarda (qərardadda) və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilədə ekspertin imzası ilə təsdiq edilən müvafiq qeyd aparmaq;[12]
Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə ekspertizasının aparılması müddətini müəyyən etmək və onun gözlənilməsinə nəzarət etmək;
aparılan tədqiqatların tamlığı və keyfiyyəti üzərində nəzarəti ekspertin müstəqilliyi prinsipinə əməl olunmaqla təmin etmək;
tədqiqatlar başa çatdırıldıqdan sonra ekspertin rəyini, tədqiqat obyektlərini və iş üzrə materialların məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqana və ya şəxsə göndərilməsini təmin etmək.
Məhkəmə ekspertizası idarəsi rəhbəri Azərbaycan Respublikasının qanun-vericiliyi ilə müəyyən edilmiş digər vəzifələri də həyata keçirir.[13]
Məhkəmə ekspertizası idarəsinin rəhbəri tədqiqat aparılması üçün zəruri olan aşağıdakı şəraiti yaratmağa borcludur:
avadanlıqlar, cihazlar, materiallar və informasiya təminatı vasitələrini əldə etmək;
texniki təhlükəsizlik və istehsalat sanitariyası qaydalarına əməl olunmasını təmin etmək;
təqdim edilmiş tədqiqat obyektlərini və iş üzrə materialların qorunub saxlanmasını təmin etmək.
Maddə 11. Məhkəmə eksperti
Ali təhsilli və müəyyən ekspertiza ixtisası üzrə xüsusi biliklərə malik Azərbaycan Respublikasının vətəndaşı məhkəmə eksperti ola bilər.
İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxs, din xadimi, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab olunmuş, cinayət törətdiyinə görə məhkum olunmuş, barəsində ekspertiza fəaliyyəti ilə məşğul olma hüququndan məhrum etmə və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı çıxarılmış, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş şəxs məhkəmə eksperti ola bilməz.
Bu maddənin birinci və ikinci hissələrində göstərilən tələblərə cavab verən şəxs məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün məhkəmə eksperti şəhadətnaməsini (bundan sonra - şəhadətnamə) almalıdır.
Məhkəmə ekspertizası idarələrində fəaliyyət göstərən ekspertlərə dövlət məhkəmə eksperti şəhadətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.
Bu maddənin birinci və ikinci hissələrində göstərilən tələblərə cavab verən və özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxs özəl məhkəmə eksperti şəhadətnaməsini almaq üçün müvafiq dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədlə yanaşı aşağıdakı tələblərdən birinə cavab verdiyini təsdiq edən sənədləri təqdim etməlidir:
1) ekspert qismində fəaliyyət göstərmək istədiyi ixtisas üzrə ən azı 10 il işlədiyini;
2) ekspert qismində fəaliyyət göstərmək istədiyi ixtisas üzrə fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsinin olduğunu;
3) xüsusi biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənədlərinin (diplom, sertifikat və sair) mövcudluğunu.
Şəxsin xüsusi biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənədlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxs şəhadətnamə almaq üçün həmin siyahıda olmayan sənəd təqdim etdikdə, həmin sənədin siyahıya daxil edilməsi məsələsi araşdırılır və bu sənəd siyahıya daxil edildiyi halda ona şəhadətnamə verilməsi üçün əsas qismində çıxış edir.
Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən internet informasiya ehtiyatı vasitəsilə təşkil edilən məhkəmə ekspertizası fəaliyyətinə dair qanunvericiliyin ümumi tələbləri, ekspert rəyinin tərtib edilməsi qaydaları və etik davranış kodeksinin müddəalarına dair icbari təlimdə iştirak etməlidir. Təlimin keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Müvafiq icra hakimiyyəti orqanı özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslərlə müsahibə keçirir.
Özəl məhkəmə ekspertlərinə şəhadətnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.
Şəhadətnamənin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Şəhadətnamə almış şəxs barədə ətraflı məlumat müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərhal Məhkəmə Ekspertləri Reyestrinə daxil edilir. Şəxs yalnız şəhadətnamə aldıqdan və barəsində məlumat Reyestrə daxil edildikdən sonra məhkəmə eksperti qismində fəaliyyət göstərə bilər.
Reyestrə daxil edilmiş şəxslər məhkəmə ekspertizasının aparılması və ekspert rəyinin hazırlanması ilə əlaqədar məhkəmə ekspertləri üçün bu Qanunla və müvafiq prosessual qanunvericiliklə nəzərdə tutulmuş bütün hüquqlardan istifadə edir, vəzifələri yerinə yetirirlər.
Məhkəmə eksperti yalnız şəhadətnamədə qeyd edilən məhkəmə ekspertizası ixtisası (ixtisasları) üzrə ekspert rəyi verə bilər.
Məhkəmə eksperti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən məhkəmə ekspertinin etik davranış kodeksinin tələblərinə riayət etməlidir.
Müvafiq icra hakimiyyəti orqanlarının məhkəmə ekspertizası idarələrinin ekspertlərinə bu orqanların işçiləri üçün qanunla müəyyən edilmiş qaydada xüsusi və ya hərbi rütbə verilir.[14]
Müvafiq icra hakimiyyəti orqanı məhkəmə ekspertlərinin bu Qanunun tələblərinə riayət etməsinə nəzarət edir.[15]
Maddə 11-1. Məhkəmə ekspertinin fəaliyyətinə xitam verilməsi
Aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanı şəhadətnaməni ləğv edərək məhkəmə ekspertinin fəaliyyətinə xitam verir:
şəxs öz arzusu ilə şəhadətnamənin ləğv olunması barədə yazılı ərizə verdikdə;
şəhadətnamə almaq üçün təqdim edilən sənədlərdə bilərəkdən təhrif olunmuş məlumatların qeyd edildiyi aşkar olunduqda;
şəhadətnamə aldıqdan sonra 5 il ərzində məhkəmə eksperti qismində fəaliyyət göstərmədikdə;
attestasiyadan keçə bilmədikdə və ya attestasiya keçməkdən yayındıqda;
qanunvericiliyin tələblərini kobud və ya mütəmadi pozmaqla ekspertiza apardıqda;
ekspertin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması və ya fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda;
ekspertin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə və ya ekspert Azərbaycan Respublikasından daimi yaşayış üçün başqa ölkəyə köçüb getdikdə;
ekspert məhkum edildikdə, onun barəsində ekspertiza fəaliyyəti ilə məşğul olma hüququndan məhrum etmə və ya tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda;
ekspert barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verildikdə;
ekspert vəfat etdikdə, məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə.
Müvafiq icra hakimiyyəti orqanı şəhadətnaməsi ləğv edilmiş ekspertin adını Məhkəmə Ekspertləri Reyestrdən çıxarır.
Şəhadətnaməsi ləğv edilmiş ekspertə qəbul edilmiş qərarla bağlı üç iş günü müddətində məlumat verilir.
Maddə 11-2. Məhkəmə ekspertlərinin attestasiyası
Məhkəmə ekspertləri 5 ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilirlər. 20 ildən artıq müddətdə ekspert qismində fəaliyyət göstərən şəxslər attestasiyadan azaddırlar.
Attestasiya nəticəsində məhkəmə ekspertizası idarələrinin ekspertlərinə ixtisaslaşmasından və hazırlıq səviyyəsindən asılı olaraq ixtisas dərəcəsi verilir.
Attestasiyanın keçirilməsi və ixtisas dərəcəsinin verilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Maddə 11-3. Məhkəmə Ekspertlərinin Reyestri
Müvafiq icra hakimiyyəti orqanı məhkəmə ekspertizası idarələrinin ekspertləri və özəl məhkəmə ekspertləri barədə məlumatları Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edir.
Reyestrin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Reyestr açıqdır, müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində yerləşdirilir və məlumatlar daim yenilənir.
Reyestrə daxil edilməyən şəxslərin məhkəmə ekspertizası fəaliyyəti ilə məşğul olması qadağandır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Maddə 11-4. Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri
Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.
Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrinin aparılması və yeni metodların həmin reyestrə daxil edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Ekspertlər məhkəmə ekspertizasının aparılması zamanı Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrinə daxil olan tədqiqat metodlarından istifadə edir. Ekspert Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrinə daxil olmayan metoddan yalnız həmin metodun aşağıdakı bütün şərtlərə cavab verdiyini ekspert rəyində əsaslandırmaqla istifadə edə bilər:
1) qanunda nəzərdə tutulmuş norma və prinsiplərə zidd deyildir;
2) elmi cəhətdən əsaslandırılmışdır;
3) insanların həyat və sağlamlığı və ətraf mühit üçün təhlükəsizdir.
Maddə 11-5. Məhkəmə ekspertizasının metodik fondu
Məhkəmə ekspertizalarının elmi-metodik materiallarından ibarət xüsusi fond yaradılır. Həmin materialların elektron nüsxələri fonda daxil edilir.
Fondun yaradılması və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.[16]
Ekspertin aşağıdakı hüquqları vardır:
məhkəmə ekspertizasının predmetinə aid olan iş üzrə materiallarla tanış olmaq, onlardan lazımi məlumat götürmək və ya onların surətini çıxarmaq;
rəy verilməsi üçün zəruri olan əlavə tədqiqat obyektlərinin və iş üzrə materialların təqdim olunması barədə vəsatət vermək;
məhkəmə ekspertizasının aparılmasına başqa ekspertlərin cəlb olunması haqqında vəsatət vermək;
qanunvericiliklə nəzərdə tutulmuş qaydada ekspertizanın predmetinə aid və rəy verilməsi üçün zəruri olan istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında iştirak etmək;[17]
məhkəmənin qərardadı (hakimin qərarı) ilə məhkəmə istintaqı mərhələsində işin materiallarının tədqiqində iştirak etmək;
verdiyi rəyin və ya ifadənin proses iştirakçıları tərəfindən düzgün izah edilməməsi və yaxud təhrif edilməsi barədə istintaq hərəkətləri və ya məhkəmə iclasının protokoluna daxil edilməsi üçün məlumat vermək;
qoyulmuş suallardan əlavə, məhkəmə ekspertizasının predmetinə aid olan və iş üçün əhəmiyyətli sayılan digər halları da öz rəyində göstərmək;
məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxsin hərəkəti ekspertin hüquqlarını pozduqda qanunla müəyyən edilmiş qaydada şikayət etmək.
Ekspert Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqları da həyata keçirə bilər.[18]
Ekspert məhkəmə ekspertizasının aparılmasından aşağıdakı hallarda imtina edir:[19]
məhkəmə ekspertizasının təyin (sifariş) edilməsinin prosessual qaydası pozulduqda və bu, ekspertizanın aparılmasını çətinləşdirdikdə və ya onun aparılmasını qeyri-mümkün etdikdə;
verilən suallar ekspertin zəruri biliyindən kənara çıxdıqda;
tədqiqat obyektləri və iş üzrə materiallar rəy verilməsi üçün yararsız olduqda və ya kifayət qədər olmadıqda və onların tamamlanması barədə ekspertin vəsatəti təmin edilmədikdə;
tədqiqat aparılması və rəy verilməsi üçün zəruri olan şərait, metodik vəsait və avadanlıqlar olmadıqda;
ekspertin həyatı və sağlamlığı üçün real təhlükə mövcud olduqda.
Belə hallarda ekspert bu barədə məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqana və ya şəxsə yazılı formada məlumat verir.
Ekspertə aşağıdakıları etmək qadağandır:
məhkəmə ekspertizası idarəsinin ekspertlərinə həmin idarənin rəhbərindən başqa, hər hansı şəxsdən və ya orqandan məhkəmə ekspertizasının aparılması haqqında tapşırıq almaq;
məhkəmə ekspertizası idarəsinin ekspertlərinə başqa idarənin əməkdaşı qismində, həmçinin özəl ekspert kimi məhkəmə ekspertizası fəaliyyətini həyata keçirmək;[20]
məhkəmə ekspertizasının aparılması ilə bağlı işin gedişatında maraqlı olduğunu güman etməyə əsas verən proses iştirakçıları ilə şəxsi əlaqələr yaratmaq;
məhkəmə ekspertizasını aparmaq üçün müstəqil olaraq material toplamaq;
təhqiqat aparan şəxsin, müstəntiqin və ya prokurorun icazəsi olmadan təhqiqat və ibtidai istintaqın məlumatlarını yaymaq;
dövlət, qulluq, peşə və kommersiya sirri təşkil edən və qanunla qorunan məlumatları, habelə məhkəmə ekspertizasının aparılması ilə əlaqədar ona məlum olan və açıqlanması insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulmasına səbəb ola bilən məlumatları yaymaq;
məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanın və ya şəxsin razılığı olmadan tədqiqat obyektini məhv etmək və ya onun xassəsini əhəmiyyətli dərəcədə dəyişdirmək.
Ekspertin aşağıdakı vəzifələri vardır:
Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda, məhkəmə ekspertizasının aparılmasından özü-özünə etirazetmə haqqında məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxsə, yaxud məhkəmə ekspertizası idarəsinin rəhbərinə məlumat vermək;
məhkəmə ekspertizasının aparılmasında ekspert kimi iştirakını rədd edən hallar olmadıqda, ona tapşırılmış məhkəmə ekspertizasını aparmaq;
təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək;
təhqiqat aparan şəxsin, müstəntiqin, prokurorun və ya məhkəmənin (hakimin) çağırışı üzrə gəlmək;
aparılmış tədqiqat və verilmiş rəylə əlaqədar məsələlər üzrə təhqiqat, ibtidai istintaq zamanı və ya məhkəmədə ifadə vermək;
məhkəmə ekspertizasının aparılmasından imtina etməyə əsas verən bu Qanunun 12-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda rəy verməyin qeyri-mümkünlüyü barədə məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxsə yazılı formada məlumat vermək;[21]
təqdim edilmiş tədqiqat obyektlərinin və iş üzrə materialların qorunub saxlanılmasını təmin etmək.
Ekspert Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələri də həyata keçirir.[22]
Ekspertin rəyi kifayət qədər aydın olmadıqda və ya həmin rəydə əlavə tədqiqatlar aparılmasını tələb etməyən boşluqlar olduqda, habelə rəydə istifadə olunmuş terminlərin və tətbiq edilən metodların dəqiqləşdirilməsinə zərurət yarandıqda təhqiqat aparan şəxs, müstəntiq və ya məhkəmə (hakim) Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə uyğun olaraq eksperti dindirə bilər. [23]
Barəsində məhkəmə ekspertizası aparılan şəxsə dair həmin məhkəmə ekspertizasının predmetinə aid olmayan məlumatlarla əlaqədar ekspert dindirilə bilməz.
Ekspert tərəfindən rəy verilənədək onun dindirilməsi qadağandır.
Məhkəmə ekspertizası aşağıdakı növlərdən ibarətdir:
1) ilkin məhkəmə ekspertizası;
2) əlavə məhkəmə ekspertizası;
3) təkrar məhkəmə ekspertizası;
4) komission məhkəmə ekspertizası;
5) kompleks məhkəmə ekspertizası.
İş üzrə icraat zamanı əhəmiyyət kəsb edən hər hansı məsələnin həlli üçün elm, incəsənət, texnika və ya sənət sahəsində xüsusi bilik tələb edildikdə, həmin məsələnin aydınlaşdırılması məqsədi ilə birinci dəfə təyin (sifariş) edilən ekspertiza ilkin məhkəmə ekspertizası adlanır.
İlkin məhkəmə ekspertizasının rəyi kifayət qədər aydın olmadıqda, ekspert qoyulmuş sualları tam həll etmədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün əlavə məhkəmə ekspertizası təyin (sifariş) edilir və onun aparılması həmin ekspertə və ya başqa ekspertə həvalə edilir.[24]
Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır. Təkrar ekspertizanın aparılması başqa ekspertə və ya ekspertlərə tapşırılır. Əvvəlki ekspertizam aparmış ekspertlər təkrar ekspertizanın aparılmasında iştirak edə və izahlar verə bilərlər, lakin tədqiqat zamanı və rəy tərtib edilərkən onlar iştirak etmirlər.
Təkrar ekspertizanın aparılması haqqında qərarda əvvəlki ekspertizaların nəticələri ilə razı olmamağın motivləri göstərilməlidir. Təkrar ekspertiza təyin (sifariş) edilərkən ekspert qarşısında əvvəllər tətbiq edilmiş tədqiqat üsullarının elmi əsaslılığı barədə sual qoyula bilər. [25]
Ekspertlər arasında fikir ayrılığı olduqda hər bir ekspert buna səbəb olan məsələ barəsində yazılı formada öz rəyini ayrıca tərtib edir.
Komission məhkəmə ekspertizası eyni ixtisas üzrə sayı iki nəfərdən az olmayan ekspertlər tərəfindən aparılır.
Məhkəmə ekspertizasının komission xarakteri onu təyin (sifariş) etmiş orqan və ya şəxs, yaxud məhkəmə ekspertizası idarəsinin rəhbəri tərəfindən müəyyən edilir.
Komission məhkəmə ekspertizasının təşkil edilməsi və aparılması onu təyin (sifariş) etmiş orqan və ya şəxs tərəfindən məhkəmə ekspertizası idarəsinin rəhbərinə həvalə edilir.
Şəxsin anlaqlı olub-olmaması ilə bağlı məhkəmə-psixiatrik ekspertizasının aparılması üçün ən azı üç məhkəmə ekspertindən ibarət tərkibdə komissiya təşkil edilir.[26]
Verilən sualların həll edilməsi zərurəti nəzərə alınaraq ekspertlər qarşıda duran tədqiqatın ardıcıllığını və həcmini razılaşdırırlar.
Komissiya tərkibində məhkəmə ekspertizasının aparılması həvalə edilmiş hər bir ekspert müstəqildir və sərbəst olaraq özünün əldə etdiyi və başqa ekspertlər tərəfindən əldə olunmuş nəticələri qiymətləndirir və öz zəruri biliyi hüdudlarında qoyulmuş suallara cavab verir.
Komission məhkəmə ekspertizası aparılarkən onu təyin (sifariş) etmiş orqan və ya şəxs, yaxud məhkəmə ekspertizası idarəsinin rəhbəri ekspertlərin fəaliyyətini əlaqələndirmək, ümumi tədqiqat planını işləyib hazırlamaq, ekspertizanın aparılmasının ümumi müddəti daxilində ayrı-ayrı tədqiqatların icra müddətlərini təyin etmək və onlara əməl olunmasına nəzarət etmək və ekspertlərin müşavirəsinə rəhbərlik etmək üçün ekspertlərdən birini rəhbər təyin edir. Komissiya rəhbərinin səlahiyyətləri digər ekspertlərin səlahiyyətlərindən fərqlənmir.[27]
Ekspertlər rəy verməmişdən qabaq öz aralarında məsləhətləşirlər. Ümumi rəyə gəldikdə, rəyə bütün ekspertlər tərəfindən imza edilir.
Ekspertlər arasında fikir ayrılığı olduqda hər bir ekspert buna səbəb olan məsələ barəsində yazılı formada öz rəyini ayrıca tərtib edir.
İş üçün əhəmiyyətli olan halların aydınlaşdırılması müxtəlif bilik və ya elm sahələri, yaxud biliyin bir sahəsi daxilində müxtəlif üsullar sistemi əsasında yalnız bir neçə tədqiqat aparılmaqla həyata keçirilə bildikdə kompleks məhkəmə ekspertizası təyin (sifariş) edilir. [28]
Kompleks məhkəmə ekspertizasının təşkili və aparılması, ekspertlərin fəaliyyəti ilə əlaqədar məsələlər bu Qanunun 19-cu maddəsində müəyyən edilmiş qaydada həll edilir.
Kompleks məhkəmə ekspertizasının aparılmasında iştirak edən ekspertlərin rəyində hər bir ekspertin apardığı tədqiqatın növü və həcmi, müəyyən etdiyi faktlar və əldə etdiyi nəticələr göstərilir. Hər bir ekspert onun tərəfindən aparılmış tədqiqatı əks etdirən hissəsində rəyi imzalayır və ona görə məsuliyyət daşıyır.
Alınmış nəticələrin qiymətləndirilməsində və yekun nəticənin formalaşdırılmasında ekspertlər ümumi nəticəyə gəlirlər. Əgər ümumi nəticənin əsasını bir və ya bir neçə ekspert tərəfindən müəyyənləşdirilən faktlar təşkil edirsə, bu rəydə öz əksini tapmalıdır.
Maddə 21. Məhkəmə ekspertizasının aparılmasının əsasları
Məhkəmə ekspertizası Azərbaycan Respublikasının prosessual qanunvericiliyində nəzərdə tutulmuş hallarda təhqiqatçının, müstəntiqin və ya prokurorun qərarı, yaxud məhkəmənin (hakimin) qərarı (qərardadı) ilə təyin edilir. Təhqiqatçının, müstəntiqin və ya prokurorun qərarı, yaxud məhkəmənin (hakimin) qərarı (qərardadı) ilə təyin edilmiş ekspertiza məhkəmə ekspertizası idarələrinin ekspertləri tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikasının Mülki Prosessual, İnzibati Prosessual və İnzibati Xətalar məcəllələrində nəzərdə tutulmuş hallarda fiziki və ya hüquqi şəxslər, həmin şəxslərin vəkilləri və nümayəndələri (qanuni nümayəndələri) məhkəmə ekspertizasının aparılmasını sifariş vermək üçün məhkəmə ekspertizası idarələrinə və ya özəl məhkəmə ekspertlərinə rəsmi müraciət etmək hüququna malikdir. Bu halda məhkəmə ekspertizası həmin şəxslərlə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə ekspertləri arasında bağlanan müqavilə əsasında məhkəmə ekspertizasını sifariş edən şəxslərin hesabına həyata keçirilir. Müqavilədə ekspertin bilə-bilə yalan rəy verməyə görə məsuliyyət daşıması barədə məlumatlandırıldığı onun imzası ilə təsdiq edilməlidir.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyi halda şübhəli, təqsirləndirilən şəxs və ya onların müdafiəçisi, yaxud mülki cavabdeh məhkəmə ekspertizasının aparılmasını məhkəmə ekspertizası idarələrinə sifariş vermək üçün rəsmi müraciət etmək hüququna malikdir.
Maddə 22. Məhkəmə ekspertizasının aparılması
Məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxs tədqiqatın aparılması və ekspert rəyinin verilməsi üçün suallar siyahısını, tədqiqat obyektləri və iş üzrə materialları məhkəmə ekspertizası idarəsinə və ya özəl məhkəmə ekspertinə təqdim edir.
Məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxs Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müqayisəli tədqiqat üçün nümunələr götürür və onları işə əlavə edir. Nümunənin götürülməsi məhkəmə ekspertizası fəaliyyətinin bir hissəsidirsə, bu hərəkət məhkəmə ekspertizasını aparan ekspert tərəfindən həyata keçirilir.
Tədqiqat prosesində ekspert tərəfindən eksperimental nümunələr hazırlana bilər və bu hal ekspertin rəyində göstərilməlidir. Ekspertizanı təyin etmiş orqan və ya şəxs bu cür nümunələrin hazırlanmasında iştirak edə bilər və onun bu hərəkəti tərtib etdiyi protokolda əks etdirilir.
Məhkəmə ekspertizasının aparılması müddətləri Azərbaycan Respublikasının Cinayət-Prosessual, Mülki Prosessual və İnzibati Xətalar məcəllələrinə müvafiq olaraq müəyyən edilir.[29]
Maddə 22-1. Cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyi halda müdafiə Tərəfinin təşəbbüsü ilə ekspertizanın aparılması[30]
Cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyi halda müdafiə Tərəfinin mənafeyinə xidmət edə biləcək halların müəyyən edilməsi üçün müdafiəçi öz təşəbbüsü ilə bir və ya bir neçə ekspertə, ekspert idarəsinə ekspert işinin müqavilə əsasında ödənilməsi şərti ilə ekspertizanın aparılması barədə rəsmi müraciət etmək hüququna malikdir.
Cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyi halda ekspertizanın müdafiə Tərəfinin təşəbbüsü ilə və onun hesabına aparılması zamanı ekspertlə həmin tərəf arasında müqavilə bağlanır. Müdafiə tərəfi ekspertizanın aparılması üzrə xərcləri ödəyir və ekspertə suallar siyahısını və tədqiqat üçün obyektləri verir.[31]
Maddə 23. Məhkəmə ekspertizası fəaliyyətinin təşkili
Məhkəmə ekspertlərinin fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının məhkəmə ekspertizası idarələrində, elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiyadan keçmiş sınaq laboratoriyalarında, özəl hüquqi şəxslərdə, habelə özəl məhkəmə eksperti tərəfindən ayrıca şəkildə təşkil edilə bilər.
Məhkəmə-tibb, məhkəmə-psixiatriya, məhkəmə-ballistik, məhkəmə partlayış-texniki, pul nişanları və qiymətli kağızların, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin və dərman maddələrinin məhkəmə ekspertizaları yalnız məhkəmə ekspertizası idarələri tərəfindən həyata keçirilir.[32]
Məhkəmə ekspertizası fəaliyyətini həyata keçirən şəxslər və qurumlar məhkəmə ekspertizasının aparılması üzrə fəaliyyətini ekspert təcrübəsinin ümumiləşdirilməsi, ekspertlərin peşəkar hazırlığı və onların ixtisaslaşdırılması, о cümlədən ekspert praktikasının vahid elmi-metodik üsullarla öyrənilməsi əsasında həyata keçirirlər.
Məhkəmə ekspertizası idarələri məhkəmə ekspertlərinə metodik köməklik göstərir.
Məhkəmə ekspertizası idarələrində məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar göstərilən xidmətlərə görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.[33]
Məhkəmə ekspertizası idarəsi rəhbərinin işdə maraqlı olduğunu təsdiq edən hallar müəyyən edilərsə, məhkəmə ekspertizasının aparılması həmin idarəyə tapşırıla bilməz, başlanılmış tədqiqat isə dərhal dayandırılmalıdır.
Ekspert, Azərbaycan Respublikasının prosessual qanunvericiliyində göstərilən əsaslar mövcud olduqda, məhkəmə ekspertizasının aparılmasında iştirakdan özü-özünə etiraz etməlidir, məhkəmə ekspertizası ona tapşırıldıqda isə onun aparılmasını dərhal dayandırmalıdır.
Məhkəmə ekspertizasının aparılması, bu maddənin birinci və ikinci hissələrinin tələblərinin pozulması ilə həyata keçirilmişdirsə, o, icra edilməmiş hesab olunur və ekspertin rəyi sübut kimi istifadə edilə bilməz. Belə olduqda, məhkəmə ekspertizasının təyin (sifariş) edilməsi məsələsi yenidən həll edilir.